Mehriban Əliyeva
Mehriban Arif qızı Əliyeva (26 avqust 1964, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri. UNESCO-nun xoşməramlı səfiri (2004—2022).
Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" QSC Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir.
Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.